Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh qəsəbəsi

 
Əbdülkərim Əlizadə — Akademik, Tarix İnstitutunun direktoru (1944–1950),  tarix elmləri doktoru,
Azərbaycan EA-nın akademiki, 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi,
1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru
 

  Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur.
  Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936-1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938-1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.
  Əbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.
  Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.
  Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.
  O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi.
  Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.
  O, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif olunmuşdur.
  Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.
 
Elmi fəaliyyəti
  Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi.
  Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir. Əbdülkərim Əlizadə Nizaminin "Sirlər xəzinəsi"ni, Rəşidəddinin "Cami ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" əsərlərinin elmi-tənqidi mətnlərini hazırlamışdır. O, A.A.Bakıxanovun"Gülüstan-i-İrəm" əsərinin elmi-tənqidi mətninin hazırlanmasında iştirak etmiş və redaktoru olmuşdur.
  Əsərləri türk, ərəb, fars, ingilis, alman və başqa dillərdə çap olunmuşdur.
  Akademik Ə.Ə.Əlizadənin əsərləri ingilis, alman, ərəb, fars, türk dillərində çap olunmuş, həyat və yaradıcılığı barədə bir sıra ölkələrdə, hətta uzaq Yaponiyada elmi məqalələr nəşr olunmuşdur. Monqol imperiyası tarixini araşdıran yapon alimi Siyiçi Kitiqava Bakıda elmi ezamiyyətdə olarkən Ə.Ə.Əlizadənin elmi irsi ilə yaxından tanış olmuş, ondan ətraflı istifadə etmiş və vətəninə qayıtdıqdan sonra alimin həyat və yaradıcılığı haqda yapon oxucularına geniş məlumat vermişdir. Onun 1983-cü ildə “Şı xo” (Shi hö) jurnalında nəşr etdirdiyi “Əbdülkərim Əli oğlu Əlizadə” (1906.1.11-1979.12.3) adlı məqaləsində Azərbaycan aliminin tərcümeyi-halı, Peterburq həyatı, görkəmli şərqşünas alimlərdən dərs alması, ayrı-ayrı dövlərdəki elmi fəaliyyəti şərh edilir. S.Kitaqava akademikin şah əsəri olan monoqrafiyası, hazırladığı elmi-tənqidi mətnlər üzərində xüsusilə dayanmış və onları öz oxucularına tanıtmağa cəhd etmişdi. Maraqlıdır ki, tədqiqatçı məqaləsinə Ə.Ə.Əlizadənin elmi əsərlərinin (rus və yapon dillərində) siyahısını əlavə etməklə yapon oxucusunda alimin elmi irsi barədə tam təsəvvür yarada bilmişdir. Siyahıda akademikin 43 əsərinin və onun barəsində nəşr olunmuş məqalələrin adı verilir. S.Kitaqava xüsusi bülletendə nəşr etdirdiyi “Sovet Azərbaycanının mediyevist alimləri” adlı məqaləsində də (1983) akademikin elmi yaradıcılığına xüsusi yer ayırmışdır. Qeyd etmək lazımdır ki, Ə.Ə.Əlizadənin monoqrafiyası və tərtib etdiyi elmi-tənqidi mətnlər dünyanın bir çox ölkələrində mediyevist tarixçilərin, xüsusilə, Monqol imperiyası tarixinin tədqiqatçılarının stolüstü kitablarına çevrilmişdir. Akademik Ə.Ə.Əlizadə Azərbaycanda tarix və şərqşünaslıq sahəsində əldə olunmuş nailiyyətlərin yorulmaz təbliğatçısı idi. O, tarixçilərin Varşava (1955), şərqşünasların Münhen (1957) və Moskva (1960) beynəlxalq konqreslərinin, türk tarixçilərinin Ankara konqreslərinin (1961, 1970), şərqşünasların Tehran konqresinin (1966), Tehranda və Təbrizdə keçirilmiş Rəşidəddinə həsr olunmuş konqresin (1969) və s. elmi məclislərin iştirakçısı olmuş, Azərbaycan elminin yeniliklərini dünya ictimaiyyətinə çatdırmışdır. Maraqlıdır ki, alim xarici səfərlərdə olduğu vaxt, tariximizin aktual problemlərinə həsr olunmuş məsələlər barədə məruzələr oxumaqla yanaşı, elmi məclislərin işində fəal iştirak etmiş, tənqidi mülahizələrini bildirmiş, məsləhət və təkliflərini vermişdir. Bunu onun xarici səfərlərdən qayıtdıqdan sonra mətbuatda öz səfəri barədə çap etdirdiyi xatirələrindən açıq-aydın görmək olur. O, xarici səfərlərdə olduqda belə, Azərbaycanı düşünür, imkan daxilində tariximizlə bağlı ədəbiyyatın, materialların Azərbaycana gətirilməsinə, olduğu ölkələrdəki azərbaycanlıların (türk olan hissəsinin) vəziyyətinin öyrənilməsinə səy göstərmişdir. Məsələn, akademik Ə.Ə.Əlizadə 1959-cu ildə İraqda olanda yerli idarələrin icazəsi ilə üzərində mixi yazı olan, Azərbaycanla bağlı bir kərpici özü ilə gətirmiş və onu Azərbaycan tarixi muzeyinə vermişdir. Təbrizdə Rəşidəddinin yubileyində iştirak edərkən Rəbi Rəşidi xarabalığından mərmər qırıntıları, boyalı keramika parçaları toplamış, onları da vətənə gətirərək bir hissəsini Tarix muzeyinə, bir hissəsini isə Şirvanşahlar sarayına vermişdir. O, İraq səfəri vaxtı buradakı Kərkük türkmanları ilə maraqlanmış, onların həyatı, adət-ənənələri, dili, folkloru barədə məlumat əldə etmiş və Bakıda nəşr etdirdiyi xatirələrində Kərkük bayatılarından bəzilərini vermişdir. Akademik Ə.Ə.Əlizadənin iranşünasların ümumdünya konqresində (28.VIII.-13.IX.1960) iştirakı daha çox diqqəti cəlb edir. Bu konqresdə Sovet ölkəsindən 11 alim –M.Boqolyubov, A.Boldrev, İ.Braginski, Ə.Mirzoyev, Ş.Samuhəmmədov, M.İvanov, K.Eyne, R.Əliyev, M.Zend, Ə.Sumbatzadə  və Ə.Ə.Əlizadə iştirak etmişdir. Konqresdən sonra ziyafətdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə qısa söhbətində Ə.Ə.Əlizadə ona Bakıda farsdilli mənbəlkərin çapı və orta əsrlər İran tarixi üzrə tədqiqatlar aparıldığını dedikdə, İran şahı bununla razılaşmış və mənbələrin çapı sahəsində Sovet İttifaqında çox işlər görüldüyünü vurğulamışdır. Fəxrlə demək olar ki, bu işdə Azərbaycan aliminin – akademik Ə.Ə.Əlizadənin rolu çox böyük idi. Akademik Ə.Ə.Əlizadənin İrana növbəti səfəri görkəmli dövlət xadimi, vəzir, təbib Fəzlullah Rəşidəddinin ölümünün 650 illiyi ilə əlaqədar keçirilən sessiyada iştirakla bağlı idi. Ə.Ə.Əlizadə bu sessiyada bütün Sovet İttifaqını təmsil edirdi. O, sessiyada “SSRİ-də Rəşidəddinin əsərlərinin tədqiqi və nəşri” mövzusunda məruzə etmişdir. Bununla yanaşı, alim elmi müzakirələrdə yaxından iştirak etmiş, sessiyanın təşkilində, ayrı-ayrı çıxışlarda nəzərəçarpan nöqsanları açıqlamış, bəzi məruzələrin (məsələn, Şirin Bəyaninin məruzəsinin) yüksək elmi səviyyə kəsb etdiyini vurğulamışdır. Rəşidəddinin Həmədanda doğulsa da, Azərbaycanda yaşayıb-yaratdığını yazan Ə.Ə.Əlizadə alimə Təbrizdə və Tehranda abidə qoyulması, əsərlərinin toplanılaraq külliyyat şəklində nəşri barədə təklif vermişdir. Sanki Ə.Ə.Əlizadə səfər zamanı yazdığı qeydlərində xatirələri deyil, tarixi bir əsər qələmə almışdı. Azərbaycanın monqol ağalığı dövrü tarixini qısa şəkildə oxucunun nəzərinə çatdırırdı. Təbrizdəki tarixi abidələr-Ərk qalası, Şəmbi-Qazan, Rəb-i Rəşidi, Göy məscid barədə məlumat verən müəllif, onların xarab vəziyyətdə olduqlarına, eləcə də əhalisinin azərbaycanlılardan ibarət Təbrizdə dövlət işlərinin, xüsusilə də, ibtidai, orta və ali məktəbdə tədrisin fars dilində aparılmasına ürək ağrısı ilə acıyır. Sovet rejiminin kəskin dövründə belə fikir söyləmək hər alimin işi deyildi.
 
 
 

Əliheydər Əliqulu oğlu İbrahimov - Sovet hərbi qulluqçusu,
Böyük Vətən müharibəsinin, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı,
4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri,
Qızıl Ordunun qvardiya mayoru
 

  Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya gəlib. Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, hissələrdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı və mahir əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır. 1941-ci ildə alman-faşist işğalçıları Sovetlər ölkəsinə hücum etdiyi vaxtda Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, vətənin istiqlaliyyəti uğrunda əsl qəhrəman kimi vuruşacağına and içir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak etmiş, xeyli düşmən texnikasını məhv etmiş, düşmənin xeyli əsgər və zabitini əsir götürmüş, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında böyük fəallıq, misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Onun divizionu Brest şəhərinə birinci girmiş, şəhər uğrundakı döyüşlərdə Əliheydər İbrahimov 17 yara almış, hər iki gözünü itirmişdir. Ağır yaralanan Əliheydər İbrahimov 1944-cü ildə Penza hərbi xəstəxanasına gətirilmişdir. Hər iki gözünü itirməsinə baxmayaraq onun qəlbində düşmənə qarşı qəzəb və intiqam almaq hissi var idi. O, dəfələrlə bu sözləri təkrar edirmiş: "Eybi yoxdur, mənim cəbhə yoldaşlarım faşistlərdən mənim intiqamımı alıb qanımı yerdə qoymazlar". Əliheydər İbrahimovun vəziyyətinin get-gedə ağırlaşdığına görə 1944-cü ildə hərbi xəstəxananın rəisi məktub yazaraq həyat yoldaşı Asya Hüseynzadəni onun yanına çağırmışdı. Vəziyyətini nəzərə alaraq onu Sovet Ordusu sıralarından tərxis edirlər.
  Əzmkar hərbçi, mətin qəhrəman bu ağrılı həyatına 9 il dözür. 1953-cü ilin 6 noyabrında ömrünün 47-ci ilində həyatla vidalaşmışdır. Cənazəsi doğulub boya-başa çatdığı Bakının Bilgəh kəndindəki qəbiristanlıqda dəfn olunmuşdur.
  1958-ci ildə qəbri üstündə Dövlət Mükafatı laureatı Fuad Əbdürəhmanovun yaratdığı tunc barelyef qoyuldu.
 
Mükafatları
  Azərbaycanın bu mərd oğlu göstərdiyi qəhrəmanlıq və şücaətə görə SSRİnin orden və medalları ilə təltif olunmuşdur. Əliheydər İbrahimov "Qırmızı Bayraq" ordeni, 2 dəfə "Aleksandr Nevski" ordeni, "Qırmızı Ulduz" ordeni, "Şərəf Nişanı" ordeni, "Döyüşdə xidmətlərinə görə" medalı, "Qafqazın müdafiəsi uğrunda" medalları ilə təltif olunmuşdur.
 
 
 

Ağaverdi Paşayev – Tanınmış dirijor və pedaqoq,
Azərbaycan Respublikası əməkdar incəsənət xadimi və Xalq Artisti, Professor
 

  Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın 27-də Bakıda anadan olub.Erkən yaşlarından musiqiyə böyük məhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. 1960-cı ildə, atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur.Burada onun ilk tar müəllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev olur. Hələ 12 saylı musiqi məktəbinin III sinfində oxuyarkən Respublikada «Oxu tar», «Sən nəğmələr qoş», «Oxu bülbül» adı altında keçirilən müsabiqələrdə iştirak edərək, laureat olub. Daha sonra VI, VII Ümumrespublika müsabiqələrində qalib olması da məhz onun ilk sənət uğurlarıdır. Bu istedadın sayəsində Ağaverdi Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı illərində Azərbaycan radiosunda uşaqlar üçün hazırlanan «Ulduz» proqramının tez-tez qonağı olar və öz mahir ifaları ilə uğurlu çıxışlar edərmiş. Ulu tar alətində ifaçılığı püxtələşdikcə gənc Ağaverdinin bu sənətə sevgisi daha da artırdı. Tara məhəbbəti, sənətə sevgisi sayəsində o, 1966-cı ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci) tar sinfinə daxil olur. Burada da sənət müəllimləri Ağasaleh Abasəliyev və Elxan Müzəffərovdan dərs alır. Ağaverdi Paşayevi sənət uğurları elə erkən yaşlarından izləyib. 1971-ci ildə təhsilini uğurla başa vuraraq Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur.Burada o, tar ixtisası üzrə Kamil İbrahimovdan sənətin incəliklərini mənimsəyir.Bu illər gənc Ağaverdinin həyatında böyük dönüşlər yaradır.Gənclik təravəti sanki onun həyatına xüsusi gözəlliklər qataraq böyük sənət eşqi ilə ruhlandırır, o, daha böyük uğurlara can atır.Eyni zamanda, onda musiqi sənətinin daha bir qoluna maraq yaranır.Hələ musiqi texnikumunda oxuyarkən dirijorluqdan dərs alıb. Konservatoriyanın ikinci kursunu bitirdikdən sonra ərizə ilə rektor Soltan Hacıbəyova müraciət edib.İmtahan komissiyasının müsbət qiymətləndirilməsilə dirijorluq fakültəsinə keçməyinə razılıq verilib.Sonrakı təhsil illərində Nicat Məlikovdan dərs alıb. 1976-cı ildə Konservatoriyanı bitirib hərbi xidmətə çağırılan zaman hərbi orkestrdə qulluq etməli olur hərbi orkestrin dirijoru olur.1979-cu ildən Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətə başladığı dövrdən həm də İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) “Xalq çalğı alətləri” kafedrasında dirijorluq fənnindən dərs deyib, tələbələrdən ibarət xalq çalğı alətləri orkestri yaradıb.O, bu təşəbbüsü 1994-cü ildən fəaliyyət göstərdiyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində də həyata keçirərək burada da həm müəllimlik edib, həm də uşaq orkestri yaradıb. Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin yaranması da məhz Ağaverdi Paşayevin bu istiqamətdə yüksək peşəkarlığının sayəsində mümkün olub.1999-cu ilin sentyabrında o, Filarmoniyada fəaliyyət göstərən Dövlət Mahnı və Rəqs Ansamblına rəhbər təyin edilir.Bir neçə ay bu kollektivlə işlədikdən sonra ona Dövlət Xalq Çalğı Alətləri Orkestrini yaratmaq təklif edilir.2000-ci il martın 7-si indiki Heydər Əliyev Sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunan böyük bir tədbir keçirilirdi.Orkestr də həmin tədbirdə iştirak edirdi.Bu, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ilk konsert çıxışı idi.Tədbirdə iştirak edən ulu öndərimiz Heydər Əliyev konsertdən sonra adəti üzrə səhnə arxasına gələrək sənətkarlarla görüşüb öz fikir və tövsiyələrini bildirdi.Ağaverdi müəllimə və orkestr haqqında da çox gözəl fikirlər söylədi.Azərbaycanda Xalq Çalğı Alətləri Orkestrinin yaranma tarixindən və bu işdə xidmətləri olan sənətkarlardan, dahi Üzeyir bəydən, Müslüm Maqomayevdən, Səid Rüstəmovdan və başqa bəstəkarlardan danışaraq sanki orkestrin tarixini vərəqlədi.A.Paşayevin repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının Xalq Çalğı Alətləri orkestri üçün orijinal əsərləri və işləmələr daxildir; yeni əsərlərin ilk ifaçısı və uğurlu təfsirçisi kimi tanınmışdır. Onun repertuarında klassik bestekar eserleri,xalq mahnıları solist və orkestr üçün işləmələri də mühüm yer tutur.SSRİ Xalq artistləri L.İmanov, F.Qasımova, Azərbaycanın xalq artistləri İ.Quliyeva, X.Qasımova, A.Zeynalov, S.Cəfərov, tarzən R.Quliyev, Kaman ifaçısı H.Əliyev, xanəndələr A.Babayev, A.Qasımov, M.İbrahimov, Q.Quliyeva, N.Teymurova, A.Bayramova, G.Məmmədova, M.Eyyubova və b. muğam dəstgahları A.Paşayevin idarəsilə Xalq Çalğı Alətləri orkestrinin müşayiətilə ifa etmişlər.
 
Milli musiqimizin inkişafında böyük xidmətləri olan A.Paşayevin əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilmişdir.
  • "Əməkdar İncəsənət Xadimi" fəxri adı (2005)
  • 2002-2008-ci illərdə Prezident mükafatçısı
  • "Xalq artisti" fəxri adı (2008)
  • "Şöhrət" ordeni (2016)
  • "Qızıl Cəng" Beynəlxalq mükafatı laureatı (2003,2004)
  • "Humay" mükafatı laureatı(2 dəfə)
  • "TÜRKSOY"-un 20 illik yubiley medalı
  • Şəki,Yevlax,Astara şəhərlərinin fəxri vətəndaşı
  • 2009-cu ildən Prezident təqaüdçüsü

 

 
 

Tofiq Quliyev — bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi,
Azərbaycan SSR-in xalq artisti (1964),
Azərbaycan caz və estrada musiqisinin banilərindən biri
 

  Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
  1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
  Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
  1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
  Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
  1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
  XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan    Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
  Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
 
Fəxri adları və mükafatları
  • Azərbaycan SSR Xalq Artisti (1964)
  • Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1958)
  • Azərbaycan SSR Dövlət Mükafatı Laureatı
  • SSRİ Qırmızı Əmək Bayrağı Ordeni (iki dəfə)
  • SSRİ "Şərəf nişanı" ordeni
  • Xəzər Universitetinin fəxri doktoru
  • "İstiqlal" ordeni — 07.11.1997
 
Filmoqrafiya
  • 1. İyirminci bahar (film, 1940)
  • 2. Səbuhi (film, 1941) - bəstəkar
  • 3. Qayğı (film, 1943)
  • 4. Bakı döyüşür (film, 1944)
  • 5. Qardaşlıq köməyi (film, 1944)
  • 6. Şəfa nəğməsi (film, 1944)
  • 7. Əbədi odlar ölkəsi (film, 1945)
  • 8. İran Azərbaycanının paytaxtında (film, 1945)
  • 9. Zəfər bayramı (film, 1945)
  • 10. Çağırışa cavab (film, 1947)
  • 11. Sovet Azərbaycanı (film, 1948)
  • 12. Sovet Azərbaycanı (film, 1950)
  • 13. Doğma xalqıma (film, 1954)
  • 14. Alagöz yaylağında (film, 1955)
  • 15. Bəxtiyar (film, 1955) - bəstəkar
  • 16. Görüş (film, 1955)- bəstəkar
  • 17. Qızmar günəş altında (film, 1957) - bəstəkar
  • 18. Bakı və bakılılar (film, 1957)
  • 19. Ögey ana (film, 1958)- bəstəkar
  • 20. Onu bağışlamaq olarmı? (film, 1959) - bəstəkar
  • 21. Telefonçu qız (film, 1962) - bəstəkar
  • 22. Möcüzələr adası (film, 1963) - bəstəkar
  • 23. Arabaçı Həsən (Tacikfilm, 1965) - bəstəkar
  • 24. Əbədi qardaşıq (film, 1965)
  • 25. Sən niyə susursan? (film, 1966) - bəstəkar
  • 26. Azərbaycan elmi (film, 1969)
  • 27. O qızı tapın (film, 1970) - bəstəkar
  • 28. Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
  • 29. Mahnı qanadlarında (film, 1973)
  • 30. Nəsimi (film, 1973) - bəstəkar
  • 31. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  • 32. Dərviş Parisi partladır (film, 1976) - bəstəkar
  • 33. Xoşbəxtlik qayğıları (film, 1976) - bəstəkar
  • 34. Şir evdən getdi (film, 1977) - bəstəkar
  • 35. Qayınana (film, 1978) - bəstəkar
  • 36. Əlavə iz (film, 1981) - bəstəkar
  • 37. Nəğməkar torpaq (film, 1981)
  • 38. Əzablı yollar (film, 1982) - bəstəkar
  • 39. Musiqi müəllimi (film, 1983) - bəstəkar
  • 40. Damğa (film, 1984)
  • 41. Layiqli namizəd (film, 1984)
  • 42. Tənha narın nağılı (film, 1984) - bəstəkar
  • 43. Cinayətin astanası (film, 1985)
  • 44. Sökmək asandır... (film, 1985)
  • 45. Xüsusi vəziyyət (film, 1986) - bəstəkar
  • 46. Küləyapardı (film, 1986)
  • 47. Mən Bakıda yaşayıram (film, 1986)
  • 48. Sürəyya (film, 1987) - bəstəkar
  • 49. Ürək nəğməsi (film, 1989)
  • 50. Nakəs (film, 1991) - bəstəkar
  • 51. Özüm və zaman haqqında (film, 1991)
  • 52. Qayıdış (film, 1992)
  • 53. Hər şey yaxşılığa doğru (film, 1997)
  • 54. Tikdim ki, izim qala. II film (film, 1997)
  • 55. Kədərimiz... Vüqarımız... (film, 1998)
  • 56. Tikdim ki, izim qala. III film (film, 1998)
  • 57. Məhv olmuş gündəliklər (film, 1999)
  • 58. Mirzə Babayev (film, 2001)
  • 59. Musiqişünas (film, 2001)
  • 60. Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(AzTV) - musiqisindən istifadə edilən bəstəkar
  • 61. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
  • 62. Azərbaycan naminə (film, 2005)
  • 63. Unudulmuş qəhrəman (film, 2005)
  • 64. Ailəm (film, 2006)
  • 65. Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
  • 66. Bakı bağları. Mərdəkan (film, 2007)
  • 67. Bakı bağları. Türkan (film, 2007)
  • 68. Qəmbər Hüseynli (film, 2007)
  • 69. Absurdistan (film, 2008) (tammetrajlı bədii film) - musiqisindən istifadə edilən bəstəkar
  • 70. İstanbul reysi (film, 2010)
  • 71. Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016) - musiqisindən istifadə edilən bəstəkar
     
Mahnıları
  • Şövkət Ələkbərova - Axşam mahnısı - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova - Laylay - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova - İlk bahar - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova - Sən mənimsən, mən sənin - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova - Axşam mahnısı - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova - İlk bahar - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova - Axşam mahnısı - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova & Mirzə Babayev - Qəmgin mahnı - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova & Mirzə Babayev - Qəmgin mahnı - sözlər: Zeynal Cabbarzadə
  • Şövkət Ələkbərova - Ağacda alma - sözlər: Ənvər Əlibəyli
  • Şövkət Ələkbərova - Rusiya mahnısı - sözlər: Ənvər Əlibəyli
  • Şövkət Ələkbərova - Gül oğlum - sözlər: Zeynal Cabbarzadə
  • Rəşid Behbudov - Ağacda alma - sözlər: Ənvər Əlibəyli
  • Rəşid Behbudov - Sənə də qalmaz - sözləri: Rəsul Rza
  • Rəşid Behbudov - Qızıl üzük - sözləri: Rəsul Rza
  • Rəşid Behbudov - Bakı - sözlər: Zeynal Cabbarzadə
  • Akif İslamzadə - Axşam mahnısı - sözlər: Zeynal Cabbarzadə
  • "Qaya" vokal ansamblı - Toy mahnısı - sözlər: Zeynal Cabbarzadə
  • Mirzə Babayev - Sən mənimsən, mən sənin - sözlər: Zeynal Cabbarzadə
  • Azər Zeynalov - Bəxtəvər oldum - sözlər: Xaqani Şirvani
 
 
 
 
 
Zeynal Cabbarzadə — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi (1970)
 

  Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934-1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937-1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938-1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939-1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.
  İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941-1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur.
 
Yaradıcılığı
  Kiçik yaşlarından yaradıcılığa başlamışdır. Onun "Puşkin" adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir. İkinci Dünya müharibəsi illərində və sonra coşğun yaradıcılıq fəaliyyəti göstərmişdir. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı "Xanıman"da cəbhə şeirləri toplanmışdır (1946). Xidmətlərinə görə bir sıra medal və Fəxri fərmanlarla təltif edilmişdir.
  1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir.
 
Əsərləri
  • 1. Xanıman. Bakı: Azərnəşr, 1946, 56 səh.
  • 2. Əfzələddin və şah. Bakı: Uşaqgəncnəşr, 1947, 16 səh.
  • 3. Şerlər. Bakı: Uşaqgəncnəşr, 1950, 20 səh.
  • 4. Çinar. Bakı: Uşaqgəncnəşr, 1952, 86 səh.
  • 5. Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1954, 76 səh.
  • 6. Dnepr sahillərində. Bakı: Uşaqgəncnəşr, 1956, 58 səh.
  • 7. Arzular. Bakı: Azərnəşr, 1958, 120 səh.
  • 8. Yaylaqda. Bakı: Azərnəşr, 1960, 100 səh.
  • 9. Sizin səsiniz. Bakı: Azərnəşr, 1963, 86 səh.
  • 10. Məni bağışlayın. Bakı: Azərnəşr, 1965, 124 səh.
  • 11. Dostum, gəl sözə bax. Bakı: Azərnəşr, 1966, 382 səh.
  • 12. Bizim metro. Bakı: Gənclik, 1968, 24 səh.
  • 13. Güllər (şeirlər, nəğmələr, poemalar). Bakı: Azərnəşr, 1974, 224 səh.
  • 14. Uca dağ başında. Bakı: Gənclik, 1980, 222 səh.
  • 15. Bizim dünya. Bakə: Yazıçı, 1985, 160 səh.
  • 16. Atasının oğlu (şeirlər və poemalar). Bakə: Gənclik, 1986, 72 səh.
Şeirlərinə yazılmış mahnılar
  • Rauf Adıgözəlov - "Neyləsin" mahnısı - musiqi: Vasif Adıgözəlov
  • Anatollu Qəniyev - Yel əsər ("Yenilməz batalyon" filmindən Teymurun mahnısı) - musiqi: Cahangir Cahangirov
  • Rəşid Behbudov - Bakı - musiqi: Tofiq Quliyev
  • Akif İslamzadə - Axşam mahnısı - musiqi: Tofiq Quliyev
  • Şövkət Ələkbərova - Laylay ("Ögey ana" filmindən) - musiqi: Tofiq Quliyev
  • Şövkət Ələkbərova - İlk bahar - musiqi: Tofiq Quliyev
  • "Qaya" vokal ansamblı - Toy mahnısı - musiqi: Tofiq Quliyev
  • Mirzə Babayev - Sən mənimsən, mən sənin - musiqi: Tofiq Quliyev
  • Şövkət Ələkbərova - Çay - musiqi: Emin Sabitoğlu
  • Rübabə Muradova - İntizar (Canıma qəsd eyləyən) - musiqi: Səid Rüstəmov
  • Rəşid Behbudov - Sürəyya - musiqi: Səid Rüstəmov
  • "Çiçəklən, Vətənim" (1964) - musiqi: Xəyyam Mirzəzadə və E. Mahmudov
Uşaq mahnıları
  • "Canbala" qrupu - Bahar gəlir. Musiqi: Fikrət Əmirov
  • Qatar. Musiqi: Fikrət Əmirov
  • Quzum. Musiqi: Fikrət Əmirov
Filmoqrafiya
  • 1. Səadət yolu ilə (film, 1956)
  • 2. Ulduz (film, 1964)
  • 3. Əbədi qardaşıq (film, 1965)
  • 4. Bakıda küləklər əsir (film, 1974)
  • 5. Görüş (film, 1955)
  • 6. Bizim Cəbiş müəllim (film, 1969)
  • 7. Telefonçu qız (film, 1962)
  • 8. Ögey ana (film, 1958)
  • 9. Koroğlu (film, 1960)
Keçidlər