Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə aparılan islahatlar bir daha Azərbaycan dövlətinin iqtisadi gücünü göstərir

23 dekabr 2020 | 20:00
   Pandemiyanın dünyada yaratdığı iqtisadi tənəzzül dövründə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir.
   Bildiyimiz kimi, büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif olunmaqdadır. Bütün cəmiyyətimizi də maraqlandıran sosial müdafiə məsələlərini özündə əks etdirən bu təkliflərdə bir çox vətəndaşımızın gözləntiləri öz əksini tapır və bu bir daha göstərir ki, insanların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin prioritet istiqamətlərindəndir.
   “Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsinə səbəb оdur ki, həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir, eləcə də həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir.Beləcə, bu prоblemlərdən azad оlmaq zərurəti yaranmışdır. Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur. Nəzərdə tutulmuşdur ki, pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması əslində həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.
   Mövcud qanunun 19-cu maddəsinin ləğv edilməsi ilə bir sıra normativ hüquqi aktlara dəyişikliklər edilməsi zərurəti yaranıb. İlk оlaraq “Sosial müavinətlər haqqında” AR Qanununa dəyişikliklər ediəcək. Ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davamı olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur.
   Bundan əlavə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması məqsədilə də Prezident Fərmanına dəyişiklik ediləcək. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur. Eyni zamanda, şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması zərurəti yaranmışdır ki, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişiklik edilməlidir. Şəhid ailəsi üçün, Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılması təklif olunur ki, bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar.
   Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər də diqqət mərkəzindədir. Bu şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması məqsədilə Prezident Fərmanına dəyişiklik оlunur. Müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 210 manatdan 300 manatadək artırılması təklif olunur. Bu şəxslər də təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar.
   Bundan başqa Azərbaycan Respublikası Prezidentinin daha bir Fərmanına dəyişiklik təklif olunur. Ümumi səbəblərdən I dərəcə əlilliyi olan və təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alan şəxslərə AR Prezidentinin təqaüdünün 100 manatdan 130 manatadək artırılması təklif olunur. Eynilə AR Prezidentinin Sərəncamına dəyişiklik edilərək Böyük Vətən Müharibəsi iştirakçılarına da AR Prezidentinin təqaüdünün məbləğinin 150 manatdan 300 manatadək artırılması təklif olunur ki, bu şəxslər də təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar.
   “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin qəbul edilməsi ilə, yəni 19-cu maddənin ləğv edilməsi ilə, qəbul edilməsinə zərurət yaranan daha bir neçə normativ hüquqi akt da vardır ki, burada, I dərəcə gözdən əlilliyi olan şəxslərə yeni növ Prezident təqaüdünün təsis edilməsini göstərmək оlar. Belə ki, ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100 manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210 manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.
   Eyni zamanda “Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi nəzərdə tutulur. Bu şəxslər üzrə (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) 120 (fəlsəfə doktorları) və 200 (elmlər doktorları) manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.
   Qanunun müvafiq maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi ödənişinin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə,  siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi təklif olunur.
   Bütün bu işlər bir daha göstərir ki, Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılaması hər zaman dövlətin diqqət mərkəzindədir. Dünyanı ağuşuna olan pandemiyanın yaratdığı dərin böhranlar içərisində ölkəmizdə atılan bu kimi addımlar təqdirəlayiqdir.

Esmira Muradova, Sabunçu rayonu, 311 saylı tam orta məktəbin direktoru
Keçidlər