Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının sosial rifahı hər zaman diqqət mərkəzindədir

23 dekabr 2020 | 20:00
   Bildiyimiz kimi, ötən gün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək dəyişiklik və yeni hazırlanması zərurəti yaranmış normativ hüquqi aktlara dair təkliflər irəli sürülmüşdür. Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılmasına xidmət edən bu təkliflərdə bir çox vətəndaşın gözləntiləri öz əksini tapır.
   “Əmək pensiyaları haqqında” Qanununun 19-cu maddəsinin ləğv edilməsinə səbəb odur ki, həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir: Bu məqsədlə də həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Prezident təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni Prezident təqaüdlərinin təsis edilməsi təklif olunmuşdur. 
   “Sosial müavinətlər haqqında” Qanuna dəyişikliklərin edilməsi ilə də bir sıra təkliflər irəli sürülür. Bu təkliflərə ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davamı olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, müharibə, 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə Prezident təqaüdlərinin məbləğinin artırılması,  I dərəcə gözdən əlilliyi olan şəxslərə yeni növ Prezident təqaüdünün təsis edilməsi, ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100 manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210 manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsini missal göstərmək olar. Eyni zamanda, əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi, bu şəxslər üzrə 120 və 200 manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur. Həmin təkliflərə əsasən, demək olar ki, pensiya əlavələrinin ləğv edilərək, Prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcək.
   Bundan başqa Qanunun 19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi ödənişinin davam etdirilməsi üçün Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə, siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi də təklif olunur.
   Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi hər bir yeni qanun ölkəmizdə vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir.
 
 
Ramis Nəsibov, Bakıxanov bələdiyyəsinin sədri
Keçidlər