Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şamilov Emil Rafiq oğlunun ailəsi ilə görüş keçirildi

28 fevral 2021 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov və Ramana bələdiyyəsinin sədri Turqay Qəribov Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şamilov Emil Rafiq oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmışlar.
  Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan E.Şamilovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
  Qeyd edək ki, Şamilov Emil Rafiq oğlu 03.07.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, 296 saylı tam orta məktəbi bitirmiş və peşə məktəbinə daxil olmuşdur. 2012-ci ildə peşə məktəbini bitirdiktən sonra E.Şamilov həqiqi hərbi xidmətə çağırılmış və Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində xidmət etmişdir. 2007-ci ildən peşəkar idmanla məşğul olan E.Şamilov 2014-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra idman sahəsinə yönəlmiş və bu istiqamətdə bir sıra uğurlar əldə etmişdir. Belə ki, bu müddət ərzində 12 qat Respublika çempionu, 1 qat Avropa çempionu, Dünya kubokunun sahibi, Yevraziya çempionu, Zakafkaziya çempionu, 70-dən çox beynəlxalq turnirlərin qalibi, Qara kəmər 3-cü dan sahibi olan və sensey adına layiq görülən E.Şamilov Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2018-ci və 2020-ci illərdə “Fəxri Fərman”la təltif edilmişdir.
Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq xidmətə yollanan E.Şamilov Xocavənd rayonu uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayıl rayonunun azadlığı uğrunda”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!
 
Keçidlər