Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

 
Sabunçu rayonunun əsası 1920-ci ildə qoyulmuşdur. Rayon 1992-ci ilə qədər “Lenin rayonu” adlandırılmışdır. 29 aprel 1992-ci ildə isə “Lenin” rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır.
Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu alaraq “Stepan Razin qəsəbəsi” adlandırılmışdır. 1992-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakıxanov qəsəbəsi adlandırılmışdır.
Sabunçu rayonunun ərazisi 244.3 km², 01.01.2018-ci il tarixli rəsmi məlumata əsasən isə qeydiyyatda olan əhalinin sayı 243000 nəfərdir.
Sabunçu rayonu 10 qəsəbədən (Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran və Bilgəh) ibarətdir.
Rayonda 47 tam orta məktəb, 1 Ali təhsil müəssisəsi, 3 orta ixtisas təhsil müəssisələri, 1 İlk Peşə-ixtisas təhsili müəssisəsi, Maştağa, Pirşağı və Bilgəh qəsəbələrində fəaliyyət göstərən müxtəlif profilli xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 3 internat məktəbi  və  Sağlamlıq İmkanları məhdud uşaqlar üçün Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.
Rayonda 44 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlaradan 40-ı dövlət bağçası, 4-ü isə özəl bağçadır. 40 məktəbəqədər dövlət müəssisəsindən 28-i körpələr evi-uşaq bağçası, 12-si isə uşaq bağçasıdır.
Rayonda 8 xəstəxana, 7 poliklinika, 3 müxtəlif profilli uşaq sanatoriyası, Kürdəxanı Sağlamlıq Mərkəzi, Zabrat Diaqnostika Mərkəzi, 3 Təcili Yardım Stansiyası, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Dövlət həkimlərin təkmilləşdirmə institutunun plastik və rekonstruktiv cərrahiyyə klinikası, 4 saylı Vərəm əleyhinə dispanser və 10 özəl tibb müəssisəsi fəaliyyət göstərir.
Rayonda sosial xidmət müəssələri sahəsində 5 müəssisə: Bilgəh qəsəbəsində Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisəsi, Ramana qəsəbəsində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Zabrat qəsəbəsində Yaşayış yeri olmayan 18 yaşdan  yuxarı şəxslər üçün Sosial Sığınacaq,  Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün  Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi və Yetkinlik yaşına çatmamış görmə imkanları məhdud şəxslər üçün Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.
Rayonda 8 Mədəniyyət evi, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi (13 filialı), Elektron kitabxana,  4 musiqi məktəbi və Ağdam rayonu Q.Pirimov adına 2 nömrəli Uşaq Musiqi Məktəbi, Asudə vaxt mərkəzi və Sabunçu Gənclər Evi fəaliyyət göstərir.
Rayon ərazisində Respublika Olimpiya İdman liseyi, Maştağa Olimpiya İdman Kompleksi, Balaxanı İdman Mərkəzi, Nardaran və Pirşağı-Kürdəxanı qəsəbələrində idman zalları, Maştağa, Nardaran və Pirşağı-Kürdəxanı qəsəbələrində mini futbol meydançaları, 2 stadion- Bakı Olimpiya və İ.Qayıbov adına stadionlar fəaliyyət göstərir.
Rayon ərazisində 19 siyasi partiyanın rayon şöbələri və 33 Qeyri-Hökumət Təşkilatı fəaliyyət göstərir. Onlardan 7 QHT (Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İB, Müharibə, əmək və silahlı qüvvələr veteranları Şurası, Çernobıl əlilləri İttifaqı, 20 yanvar Cəmiyyəti, Ukrayna İcması, Rus İcması, Qızıl Aypara Cəmiyyəti) daha geniş fəaliyyət göstərir.
Rayonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatından keçmiş islam dininin təbliği ilə məşğul olan 7 Dini İcma var. 10 qəsəbə üzrə 35 məscid, 3 ziyarətgah və 1 Pir mövcuddur. Bu məscidlərdən hal-hazırda 33-ü  fəaliyyət göstərir.
Sabunçu rayonu ərazisində məcburi köçkünlərin sayı - 9724 ailə və 38410 nəfər,  o cümlədən qeydiyyatda olanların sayı - 4764 ailə, 22233 nəfər, qeydiyyatsız olanların sayı - 4960  ailə və 16177 nəfərdir.
Keçidlər