Şriftin ölçüsü :

Saytın rəngi :

Milli qəhrəmanlar

ƏLIYEV YAVƏR YAQUB
oğlu
 
   Yaver Yaqub oğlu Əliyev 1956-ci ilin iyun ayının 27-də Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Pirallahı adasında  235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olur. Yavər Zabrat hava limanında işə düzəldiyi ilk gündən bacarığı və peşəkarlığı ilə diqqət cəlb edir. O, tükənməz səyi və zəhməti sayəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənir.
  Ermenistanın Azərbaycana qarşı apardığı müharibədə Yavər və onun dəstəsi əsl fədakarlıq göstərərək, nəyə qadir olduqlarını sübut etdilər. Y.Əliyevin komandiri olduğu vertolyot ekipaji əhalini dağ rayonlarından çıxarır. Qarabağin ayrı-ayrı bölgələri ilə hava körpüsü yaradırdılar.
   Y.Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar emişdi. 1992-ci il fevral ayının 29-u Yavərin sonuncu uçuşu oldu.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı Fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
   Y.Əliyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.
 
ƏSƏDOV ƏSƏD SOLTAN
oğlu
 
   Əsəd Soltan oğlu Əsədov 1956-ci ilinin mart ayının 22-də Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1963-73-cü illərdə Mincivan qəsəbənin orta məktəbində təhsil almışdır.
  1975-ci ildə Ə.Əsədov Sover Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur. 1976-cı ildə təyyarələrin uçuş istismarı pəşəsinə yiyələnərək, Yevlax Mülki Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlamışdır.
 Erməni işğalçılarının torpaqlarımıza təcavüzü başlayanda, o da mübarizəyə qoşuldu. Ə.Əsədov təcrübəli təyyarəçi kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş və hər dəfə də ekstremal vəziyyətlərdə düzgün qərar qəbul edərək, düşmənin layiqli cavabını vermişdir.
   1991-ci ilin oktyabr ayının 29-da Ə.Əsədov 9 nəfər döyüşçü ilə səmaya qalxdı. Xocalı aeroportuna köməyə can atan cəsur döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfindən güclü atəşə tutuldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.
  Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı Fərmanı ilə Əsədov Əsəd Soltan oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
   Ə.Əsədov Zəngilan rayonunda dəfn edilmişdir.
 
HACIYEV ƏLIF LƏTIF
oğlu
 
   Əlif Lətif oğlu Hacıyev 1953-cü ilin iyun ayının 24-də Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük pəşəsinə yiyələnmişdir.
   1971-ci ildə Ə.Hacıyev ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-84-cü illərdə Ə.Hacıyev Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir.
   1976-cı ildə Ə.Hacıyev SSRİ Daxili İşlər Nazirliyinin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. O, 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.
   DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli erməni millətçi mərkəzini ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq 10 il həbs cəzasına məhkum etdirmişdilər. 1987-ci ildə Ə.Hacıyevin işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdir. Sonra o, bəraət almış, azadlığa buraxılmışdı.
   1990-cı ildə Ə.Hacıyev Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında Daxili İşlər orqanlarına yenidən bərpa olunur və Xocalı Təyyarə limanı Xətt Daxili İşlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olur. Yaxşı işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.
  Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən  tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən “Xocalının alınması əməliyyatı”na başladı. Faciə 1992-ci ilin fevral ayının 25-dən başladı.
   Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbçiləri və erməni yaradıqlıarı ilə vuruşdular. Düşmən nə qədər güclü olsa da Əlif təslim olmur, əsl cəngavər kimi vuruşur. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif Qarabağ torpağında – Xocalı faciəsi zamanı şəhid oldu.
   Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
   Ə.Hacıyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.
 
XƏLILOV ELDAR XƏLIL
oğlu
 
   Eldar Xəlil oğlu Xəlilov 1976-cı ilin avqust ayının 19-da Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində dünyaya göz açmışdır. 1983-cü ildə burada məktəbə getmişdir. O, altıncı sinifə qədər öz doğma kəndlərində təhsil almışdır.
   1988-ci ildə yüz minlərlə soydaşlarımız kimi öz doğma yurdlarından zorla qovulduqdan sonra o, ailəsi ilə birlikdə Bakının Razin (indiki Bakıxanov) qəsəbəsində məskunaşmışdır. Təhsilini 96 və 252 saylı orta məktəblərdə davam etdirmişdir. Sonra Bakıdakı 10 saylı texniki-peşə məktəbini bitirmişdir.
   1994-cü ilin sentyabr ayının 29-da E.Xəlilov Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Hərbi hissədə qısa müddətli təlim məşqıəri kecirildi. 17 mart 1995-ci iıdə Dövlət çevrilişinin qarşısının alınmasında Milli Ordumuzun əsgərləri arasında E.Xəlilov da öz vətənpərvəlik borcunu yerinə yetirirdi. O, Azərbaycan əsgərinə xas olan döyüş əzmkarlığı nümayış etdirir, daxili irticanın tərksilah edilməsində mərdlik və şücaət göstərirdi. Qarşı tərəfdən atılan atəş Eldar Xəlilovun gənc ömrunə son qoydu.
   Azərbaycan Respublikası Prezidentinin  4 aprel 1955-ci il tarixli 307 saylı Fərmanı ilə Xəlilov Eldar Xəlil oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
        E.Xəlilov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.
   Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Qəhramanın adını daşıyır. Qəsəbədə büstü qoyulmuşdur.
 
RÜSTƏMOV FÜZULI SALAH
 oğlu
 
    Füzuli Salah oğlu Rüstəmov 1965-ci ilin dekabr ayının 25-də Tərtər rayonunun Hüsənli kəndində dünyaya göz açmışdır. Ata-anasını erkən itirmişdir. 1978-ci ildən Xocalıda, babası Kərim kişinin himayəsində yaşamışdır. Füzuli burada sekkizillik məktəbi bitirmişdir. Ailəsinin ağır şəraitdə yaşaması onun erkən vaxtlarından işləməyə vadar etmişdir. F.Rüstəmov əvvəlcə 2 saylı Xocalı Üzümçülük Sovxozunda, 1990-ci ildən isə toxuculuq fabrikində işləmişdir.
   Dağlığ Qarabağ hadisələri başlayan ilk günlərdən qəlbində ermənilərə qarşı nifrət hissi közərirdi. Elə həmin vaxtlardan da silah götürüb torpaqlarımızın müdafiəsinə qalxdı. Füzuli 1989-cu ilin iyun ayında öz yoldaşları ilə birlikdə kəndlərinə yaxın olan erməni postuna hücum edərək, oranı dağıtdı. Bunun üçün ona 4 ay həbs cəzası verdilər. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı Aeroportunu partlatmaq lazım gəlirdi. Əməliyyatə həyata keçirmək üçün 4 nəfər ibarət qrup ayrıldı. Qrupun tərkibində F.Rüstəmov da var idi. Əməliyyat uğurla başa çatdırılıdı.
   O, Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində çox  fədakarlıqlar göstərmişdi. Azərbaycanın Mnilli Qəhramanı A.Quliyevin yaralı vəziyyətdə döyüş meydanından çıxarılması da, onun hünəri sayəsində mümkün olmuşdu. Faciə zamanı o, üç dəfə Xocalıya girərək qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarmışdı. Öıümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli son anda özü düşmən gülləsinə tuş gəldi. Boynundan ağır yara almışdı.
   Azərbaycan Respublikası Prezidentinin  25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir.
   F.Rüstəmov Tərtər rayonunun Hüsənli kəndində dəfn edilmişdir.
 
 
Keçidlər